1939-cu il sentyabrın 1-də başlanan İkinci Dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yaratdı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. SSRİ 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qataraq qərb sərhədləri bir qədər möhkəmləndirildi.
“Böyük Vətən Müharibəsi” köhnə SSRİ ölkələrində istifadə edilən və II Dünya Müharibəsi əsnasında gedən döyüşlərə verilən ümumi addır. Bu termin ilk dəfə Stalinin radio ilə xalqa müraciətində işlədilib. Buna qədər isə Sovet qəzeti olan “Pravda”-nın manşettində şablon söz birləşməsi kimi istifadə olunub və eyni mənanı ifadə etməyib.
Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı. Hitler müharibəni başlamaq əmrini 17 iyunda verib. Faşist qoşunlarının SSRİ-nin qapısını döydüyü gün “Böyük Vətən”in sərhədlərində 3 milyon 289 min 850 nəfər əsgər və zabitlə qarşılaşdı. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan SSR ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edib. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib.
SSRİ-nin müharibəyə girməsi ilə II Dünya müharibəsinin gedişində yeni mərhələ başlandı.
1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarına 640 min nəfər göndərilib. Onlardan 300 mindən çoxu həlak olub. Ümumilikdə II Dünya müharibəsində 57 milyon adam həlak olub ki, bunun da 27 milyonu Sovet vətəndaşları olub.
Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra bu şəhər hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl “Mənim mübarizəm” adlı kitabında yazırdı ki, “Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar”.
Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.
Müharibə illərində SSRİ-nin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üç hissəsi Azərbaycanın payına düşürdü. O dövrdə ölkədə istehsal edilən neftin 70-75%-i, benzinin 85-90%-i Azərbaycanda istehsal olunurdu. 1941-1945-ci illərdə Azərbaycan ölkəyə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.
Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq. qızıl, 952 kq. gümüş, 320 mln. rubl verilib. Cəbhəyə 1,6 milyondan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərib.
Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70 %-i qadınlar idi.
Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.