8 noyabr -Zəfər Günüdür

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.