Əziz xanımlar!
Sizi
Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza
cansağlığı, səadət və yüksək amallar naminə fəaliyyətinizdə uğurlar
arzulayıram.
Siz
Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər
hüquqlar və imkanlar üçün göstərdiyiniz səylər, həmçinin mötəbər qurumlarda
təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir. Adınız
ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur.
Qədim keçmişimizin hər bir səhifəsi müdrikliyinizin, fədakarlıq və
qəhrəmanlığınızın parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi
olan çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin
bu günlərədək layiqincə yaşadılması sizin misilsiz xidmətinizdir.Mədəniyyət
salnaməmizə, ədəbi-ictimai və elmi fikir tariximizə öz istedadı və zəkasıyla
yeni səhifələr yazmış maarifpərvər Azərbaycan xanımlarının yolunu siz bu gün də
şərəflə davam etdirirsiniz. Nəsillərin varisliyini qoruyaraq ötən əsr boyunca
sosial-mədəni fəaliyyətin genişləndirilməsi istiqamətindəki
müvəffəqiyyətlərinizi müasir mərhələdə vətəndaş cəmiyyətinin təşəkkülü və
əsaslarının möhkəmləndirilməsi prosesində yaxından iştirakınızla daha da
zənginləşdirmisiniz. Məmnunluq hissi ilə bildirirəm ki, müstəqilliyimizin
bərpasından sonrakı müddət ərzində milli dövlət quruculuğu sahəsində qazanılan
uğurlarda müstəsna rolunuz vardır.
Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, vətənə məhəbbət ruhunda formalaşmış gənclik ölkəmizə ən böyük töhfənizdir. İnanıram ki, istedad və bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizlə çalışacaqsınız.
Bayramınız mübarək olsun!