Beynəlxalq Fəlsəfə gününə həsr olunmuş “Xalqın fəlsəfəsi onun milli kimliyidir” mövzusunda elmi-nəzəri seminar

21 noyabr 2023-cü il tarixində Tarix-Coğrafiya fakültəsinin Sosial fənlər kafedrasında Beynəlxalq Fəlsəfə gününə həsr olunmuş “Xalqın fəlsəfəsi onun milli kimliyidir” mövzusundaa elmi-nəzəri seminar keçirilmişdir. Elmi nəzəri seminarda məruzəçi Sosial fənlər kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru Balakişiyev Üzeyir Qara oğlu idi. Elmi-nəzəri seminarda Tarix-Coğrafiya fakültəsinin dekanı dosenti Həsənov Urfan Davud oğlu, Tədris işləri üzrə dekan müavinin baş müəllim Hacıyev Niyaməddin Məzahir oğlu, Tərbiyə işləri üzrə dekan müavini baş müəllim Quliyev Şəhriyar Nizami oğlu, Sosial fənlər kafedasının müdiri dosent Bağırzadə Cavid Vəkil oğlu, kafedranın əməkdaşları və fakültənin tələbələri iştirak etmişdir. Məruzəçi fəlsəfə üzrə fəlsəfə doktoru Balakişiyev Üzeyir Qara oğlu çıxış edərək bildirdi ki, Fəlsəfə insan biliyinin ən qədim sahələrindən biri, dünyagörüşü xarakterli problemlərin qoyuluşuna və həllinə yönəlmiş mənəvi fəaliyyətin xüsusi sahəsidir. Bizim eradan əvvəl VII-VI əsrlərdə Hindistanın, Çinin və Qədim Yunanıstanın böyuk filosoflarının fəaliyyəti sayəsində yaranmış fəlsəfə ictimai şuurun əsas formalarından birinə, dunya və onun dərk edilməsi haqqında ən umumi anlayışlar sisteminə cevrilmişdir. Filosoflar öz səylərini dünyagörüşü məsələlərinin qoyuluşuna və onlara cavab axtarışına yönəldirdilər. Fəlsəfənin təxminən uç minillik tarixi ərzində onun nümayəndələri bəşəriyyət ücün həyati əhəmiyyətli məsələlər qarşıya qoymuş, bu barədə öz baxışlarını irəli sürmüşlər. Bu noqteyi-nəzərin hər biri həmin məsələlərin başa düşülməsinə yeni məna çaları vermişdir.

“Fəlsəfə” sözu yunan mənşəli olub, “hikmətə” (sofiya) “məhəbbət” (fileo) deməkdir. Bəzi tarixi sənədlərə görə bu sözün yaranması Herodot, Heraklit və Pifaqorun adı ilə bağlıdır. Bu sözu ilk dəfə Pifaqor müdrikliyə və düzgün həyat tərzinə can atan insanlar barəsində işlətmişdir. Lakin bu sözün mənasını ilk dəfə Platon  və Aristotel dərindən təhlil etmişlər. Fəlsəfəni xüsusi bir elm kimi ilk dəfə fərqləndirən Platon olmuşdur.

“Fəlsəfə” sözu müxtəlif dövrlərdə müxtəlif mənalarda başa düşülürdü. Bununla belə, bütün hallarda bu söz biliyin xüsusi bir növu olan həqiqətə, müdrikliyə məhəbbət, dərin təfəkkür, həyat fəaliyyətinin düzgün oriyentirlərinin axtarışı və tapılması, insan həyatının düşünülmüş şəkildə qurulması yollarını nəzərdə tuturdu.

Beləliklə, deyə bilərik ki, fəlsəfə varlığın əsas suallarına insan tərəfindən cavabların axtarılması və tapılması deməkdir. Fəlsəfə dünyagörüşü, bütövlükdə dünyaya və insanın bu dünyaya münasibətinə baxışlarının məcmusudur.