15 iyun Azərbaycan Xalqının Milli Qurtuluş günüdür

Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilib.

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.

Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin, uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın öz tarixində görünməmiş tərəqqi yoluna çıxmasını təmin edib.  Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq tarixi yazaraq möhtəşəm Zəfər əldə etdi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad olundu. Bu gün həmin ərazilərimizdə smart konsepsiyalar əsasında böyük quruculuq işləri aparılır.

Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolu Azərbaycanı daim parlaq tarixi nailiyyət və qələbələrə doğru aparır.