18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

17 oktyabr 2025-ci il tarixində Tarix və coğrafiya fakültəsində 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tarix və coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür. 18 oktyabr 1991-ci il tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi – müstəqil inkişaf dövrü başlayıb. Prorektor onu da diqqətə çatdırıb ki,   Ulu Öndər Heydər Əliyev xalqın təkid və tələbi ilə Azərbaycana qayıdışı ilə  müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını aldı. Ümummilli Lider tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Sosial fənlər kafedrasının baş müəllimi Şəhriyar Quliyev  çıxış edərək 1991-ci ildə ölkənin daxilində və xaricində vəziyyətin acınacaqlı durumundan danışdı. Qeyd etdi ki, o zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımız Ümummilli Lider Heydər Əliyevə üz tutmuş, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək Ulu Öndəri ölkənin Prezidenti seçmişdir. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu. Bununla da Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Azərbaycanda demokratik dövlət yaradıldı. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin sayəsində Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan etibarlı şəkildə qorunur və inkişaf etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə 44 gündə ordumuz torpaqlarımızı işğaldan azad etdi, Zəfər əldə olundu. 19 sentyabr 2023-cü ildə isə bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Daha sonra çıxış edən tələbələr – müstəqilliyimizin bərpasından sonra xalqımızın qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdığından bəhs etdilər. Bildirdilər ki, Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldıraraq müstəqil Azərbaycanı möhkəm təməllər üzərində yeni inkişaf yoluna qoydu. Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə böyük uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!