Tarix-coğrafiya fakültəsi
Azərbaycan Xalq Komissarlar Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Kirovabadda (Gəncədə) N.K.Krupskaya adına İkiillik Müəllimlər İnstitutu açıldı. İnstitut üçün münasib baza olmadığından şəhərin M.Qorki adına 1 nömrəli məktəbinin üçüncü mərtəbəsi bütünlüklə yeni təşkil olunmuş təhsil ocağının sərancamına verildi. İlk vaxtlar üçün institutda iki ixtisas – təbiyyət və fizika-riyaziyyat fakültələrinin təşkili planlaşdırıldı. Gəncə İkiillik Müəllimlər İnstitutu 23 müəllim və 244 tələbə ilə 01 oktyabr 1938-ci ildə fəaliyyətə başladı.
1939-cu ildə institutda daha iki yeni fakültə – Tarix, Azərbaycan dili və ədəbiyyat fakültələri yaradıldı. Eyni zamanda təbiyyət fakültəsi təbiyyət-coğrafiya fakültəsi kimi yenidən quruldu.
Əsası 1938-ci ildə qoyulmuş Gəncə Dövlət Universitetinin ən qabaqcıl, aparıcı fakültələrindən biri Tarix Coğrafiya fakültəsidir. Qeyd olunmalıdır ki, Tarix ixtisası üzrə təhsil verilməsi universitetin yarandığı dövrdən etibarən təşkil olnmuşdur. Müxtəlif vaxtlarda prof. Qabil Seyidov, dos. Yavər Rüstəmov, dos. Saleh İsmayılov, dos. Kərəm Məmmədov tarix fakültəsinin dekanı olmuşlar. 1988-ci ilə qədər tarix fakültəsu müstəqil olmuşdur. 1984-1992-ci ilə qədər onun dekanı dos. Həsənbala Sadıqov olmuşdur. 1988-ci ilə qədər Tarix fakültəsi, 1988-ci ildən 2001-ci ilə qədər Tarix-filologiya fakültəsi olmşdur. 1992-ci ildən Tarix-filologiya fakültəsinin dekanı dos. Vahid Xələfov, 1998-2001-ci ilə qədər dekan prof. Abbas Səmədov olmuşdur. 2001-ci ildə isə Tarix fakültəsi artıq müstəqil fəaliyyət göstərməyə başlamışdır. Bu zaman fakültəyə tarix elmləri namizədi, dosent Həsənov Urfan Davud oğlu dekan vəzifəsinə seçilmişdir. Dosent Həsənov Urfan Davud oğlu 2011-ci ilə qədər fakültə dekanı olmuşdur. 2011-2015-ci illərdə prof.Həsənbala Sadıqov fakültə dekanı seçilmişdir. 2015-ci ildə isə dos. Həsənov Urfan Davud oğlu yenidən fakültə dekanı seçilmişdir. Fakültədə tədris intizamı gücləndirilmiş, təlim-tərbiyə işlərinə diqqət artırılmışdır. Məhz bunun nəticəsində gənc fakültə universitetin və bütövlükdə, şəhərin elmi-mədəni və ictimai-siyasi həyatında çox fəal şəkildə iştirak etmişdir.
Aparılmış düzgün struktur islahatları sırasında Tarix fakültəsinə yeni kafedra və ixtisasların əlavə edilməsi qeyd olunmalıdır. Hal-hazırda fakültədə 4 ixtisas kafedrası mövcuddur:
Ümumi tarix kafedrası; Kafedra müdiri: dos. Vüsalə Veysəlova; Azərbaycan tarixi kafedrası. Kafedra müdiri: dosent Emma Aslanova; Sosial fənlər kafedrası. Kafedra müdiri: dosent Cavad Tağıyev; Coğrafiya kafedrası. Kafedra müdiri: dosent Yeganə Əliyeva. Fakültənin dekanı Həsənov Urfan Davud oğlu. 1977-1981-ci illərdə Tarix fakültəsində təhsil almış, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1990-cı ildən etibarən Gəncə Dövlət Universitetində bir sıra məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildən fakültənin dekanıdır. Dosent Urfan Həsənov 20-dək monoqrafiya, metodik vəsait və elmi əsərin müəllifidir. Fakültənin tədris işləri üzrə dekan müavini Hacıyev Niyaməddin Məzahir oğludur. Hacıyev Niyaməddin 2000-ci ildə Tarix coğrafiya fakültəsinin tarix ixtisasına daxil olmuş 2004 – cü ildə həmin ixtisası bitirmiş, 2004-2006 – cı illərdə magistraturada təhsil almışdır. 2009-cu ildə fakültədə tyutor, 2013-cü ildən isə tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin edilmişdir.
Fakültədə istər professor-müəllim, istərsədə tələbə heyətinin elmi-tədqiqat işlərinin sürətli və keyfiyyətli şəkildə icrası məqsədilə universitet rəhbərliyinin müvafiq təlimat və göstərişləri əsas götürülmüşdür. Belə ki, fakültənin müstəqil fəaliyyətə başladığı 2001-ci ildən sonrakı müddətdə elmi-tədqiqat işlərinin yüksək vüsətlə icrasının nəticəsində bir sıra müəllimlər dissertasiya müdafiə etmiş, Tələbə Elmi Cəmiyyətinin xətti ilə magistrant və bakalavr tələbələri elmi-tədqiqat işlərinə cəlb olunmuşdur. Fakültədə Elmi Şurada müzakirə edilərək qəbul olunmuş iş planı əsasında müvafiq bakalavriat pilləsi üzrə tələbələrin pedaqoji və istehsalat təcrübələrində iştirakı yüksək səviyyədə təşkil olunmuşdur. Fakültə dekanlığının ixtisas kafedraları ilə birgə bu işlərə xüsusi nəzarət etməsi sayəsində keyfiyyət göstəricisi ilbəil daha da yüksəlmişdir. Xüsusilə də istehsalat təcrübəsində şəhərin və bütövlükdə bölgənin tarixi abidələrinin tələbələr tərəfindən ziyarət və tədqiq edilməsi olduqca təqdirəlayiqdir.
Fakültədə bakalavriat pilləsi üzrə tələbələrin imtahan göstəriciləri ilbəil daha da yüksəlir. Belə ki, müxtəlif kurslar üzrə mənimsəmə faizi və keyfiyyət kifayət qədər yüksəkdir.Yalnız 2007-2008-ci tədris ilinin I yarısında mənimsəmənin 90 %, keyfiyyətin 48 % , tədris ilinin II yarısı üçün isə mənimsəmənin 88 %, keyfiyyətin 45 % olmasını qeyd etmək kifayətdir.
Fakültədə tələbələrin say dinamikasında ilbəil istər keyfiyyət, istərsədə kəmiyyət baxımından inkişaf müşahidə olunmuşdur. Belə ki, hal-hazırda fakültədə tələbələrin sayı əvvəllki illərlə müqayisədə daha yüksəkdir və ixtisasların sayı çoxdur. 2007-2008-ci tədris ilində fakültədə 5 ixtisas üzrə – “Tarix”, “Tarix müəllimliyi”, ”Tarix və coğrafiya müəllimliyi”, ”Coğrafiya müəllimliyi” və “Sosial iş” ixtisasları üzrə cəmi 758 nəfər təhsil alır. Bu yalnız yeni qəbullar hesabına deyil, həm də köçürmə yolu ilə digər ali məktəb və ixtisaslardan tələbə qəbulu ilə bağlıdır. Bu da öz növbəsində, fakültənin nüfuzunun göstəricisidir. Tarix və Coğrafiya fakültəsində təlimata uyğun olaraq buraxılış və magistr- dissertasiya işlərinin müdafiəsi prosesi yüksək səviyyədə təmin olunur. Universitetin və respublikanın tanınmış mütəxəssislərinin iştirakı ilə keçirilən bu proseslərdə yüksək obyektivlik müşahidə olunur. Fakültənin professor-müəllim heyətinin ümumi sayı 78 nəfər, tədris–köməkçi heyətinin ümumi sayı 25 nəfərdir. Bunlardan 1 nəfər professor, 18 dosent, 4 dosent əvəzi, 12 nəfər elmlər namizədi, 31 nəfər baş müəllim və 21 nəfər müəllimdir.
Fakültədə ixtisasartırma və tədris köməkçi heyətinin attestasiyası ümumuniversitet səviyyəsinə uyğun həyata keçirilir. Dərsliklərin, dərs vəsaitlərinin və fənn proqramlarının həmçinin metodik göstərişlərin hazırlanması sahəsində professor-müəllim heyəti yüksək peşəkarlıq nümayiş etdirir. Fakültədə kafedralararası müşavirələr və elmi-metodik müzakirələrin keçirilməsi mütəmadi xarakter almışdır.
Fakültənin universitet həyatının bütün sahələrində yüksək fəallıqla iştirak etməsi ilə bərabər, fakültə daxilində də müxtəlif elmi-nəzəri və elmi-praktik konfranslar, müşavirə və toplantılar keçirilir. Qeyd olunan tədbirlərdə professor-müəllim heyəti ilə yanaşı tələbələrin də iştirakı təmin edilir.
Bundan əlavə, fakültədə elmi-metodik seminar və müşavirələrin keçirilməsi ənənə halını almışdır. Bu tədbirlərin təşkilində fakültə dekanlığının ixtisas kafedraları ilə birgə yüksək mütəşəkkillik nümayiş etdirməsi təqdirəlayiqdir. Fakültənin həyatında Elmi Şuranın əhəmiyyəti çox böyükdür. Belə ki, 16 nəfərdən ibarət fakültə Elmi Şurası təsdiq edilən iş planı əsasında fakültə həyatının ən vacib sahələrinə dair müzakirələr aparıb qərarlar qəbul edir. Elmi Şura universitet rəhbərliyinin müvafiq təlimat və göstərişlərinin vaxlı – vaxtında icrasının da təmin edilməsinə şərait yaradır.
Bundan əlavə fakültədə metodik komissiya fəaliyyət göstərir. Açıq dərslərin keçirilməsinə nəzarətin həyata keçirilməsi, açıq dərs qrafiklərinin tərtibi ilə bağlı, həmçinin digər metodik tədbirlərin icrası qeyd olunan komissiyanın fəaliyyətini təşkil edir. Metodik komissiyanın sədri dosent Rəşad Nuriyevdir.
Fakültədə rəğbətləndirmə sisteminin ən mühüm göstəricisi bakalavr tələbələr üçün ümummilli lider Heydər Əliyev, akademik Həsən Əliyev və Cavad Xan adına xüsusi təqaüdlərin təsis edilməsidir. Bundan əlavə, imtahan sessiyası müddətində yüksək dərəcədə obyektivliyin qorunması, nəticədə savadlı, bacarıqlı tələbələrin biliyinin düzgün qiymətləndirilməsi deyilənlərə sübutdur. Fakültədə şərəf lövhəsində əlaçı tələbələrin şəkillərinin nümayiş etdirilməsi rəğbətləndirmənin əyani göstəricisidir.
Fakültədə rəğbətləndirmə ilə bərabər cəzalandırma sistemi də tətbiq olunur. Əsas məqsəd isə fakültədə müəllim və tələbə heyəti arasında tədris və əmək intizamının yüksəldilməsini təmin etməkdir. “Tarixçi” divar qəzetində tənqidi məqalələrin öz əksini tapması bu baxımdan çox əhəmiyyətlidir.