VƏTƏN MÜHARİBƏSİNDƏ TARİX-COĞRAFİYA FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİ DƏ İŞTİRAK ETMİŞDİR.

Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələrindən dörd nəfəri Vətən müharibəsində iştirak etmişdir. Onlardan biri də Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Zeynalov Tural Maarif oğludur. Zeynalov Tural Maarif oğlu könüllü olaraq döyüşlərdə iştirak etmək üçün müraciət etmiş və o, 20 oktyabr 2020-ci ildə cəbhəyə göndərilmişdir. Tural Zeynalov Vətən müharibəsində Qubadlı və Laçın döyüşlərində iştirak etmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli imzalanmış Bəyanata uyğun olaraq dekabrın 1-də Laçının təhvil alınmasında iştirak etmiş N saylı hərbi hissənin əsgəri kimi də iştirak etmişdir. Tural Zeynalov Ali Baş Komandanın əmrinə əsasən 31 dekabr 2020-ci ildə ehtiyata buraxılmışdır.

Tural Maarif oğlu Zeynalov əslən Kəlbəcər rayonunun Xallanlı kəndindəndir. Onun valideynləri 1993-cü ildə doğma yurdlarından məcburi köçkün olmuş, Bərdə rayonunda məskunlaşmışlar. Tural 1996-cı il dekabrın 3-də burada anadan olmuşdur. Tural Zeynalov 2003-cü ildə Bərdə rayonunda yerləşən Kəlbəcər rayonu 101 saylı tam orta məktəbin birinci sinifinə getmiş, 2014-cü ildə həmin məktəbi bitirmişdir. 2015-ci il yanvar ayında hərbi xidmətə gedən Tural Zeynalov 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis edilmişdir. Hərbi xidmətdə olduğu dövrdə, 2016-cı  ilin Aprel döyüşləri zamanı onun xidmət etdiyi hərbi hissə döyüş tapşırığını yerinə yetirmək üçün cəbhə xəttinə, Tərtər rayonun göndərilmişdir. Tural Zeynalov 2018-ci ildə Gəncə Dövlət Universitetinin  Tarix müəllimliyi ixtisasına qəbul olmuşdur. Hal-hazırda Tarix müəllimliyi ixtisasının üçüncü kurs tələbəsidir.

Vətən müharibəsində Murovdağ silsiləsində və Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etmiş Taleh Yaşar oğlu Verdiyev Tarix-Coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının IV kurs tələbəsidir. Taleh Verdiyev 1987-ci ildə yanvarın 1-də Rusiya Federasiyasının Çelyabinsk vilayəti Uisk rayonunda anadan olmuşdur. Talehin atası Yaşar Verdiyev Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Taleh Verdiyev 1994-cü ildə göygöl rayonu Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbinin  birinci sinifinə getmiş, 2005-ci ildə Göygöl rayonu O.Cabbarov adına Firuzabad qəsəbə tam orta məktəbininin 11-ci sinifini bitirmişdir. 2005-ci ildə Azərbaycan Texnologiya Universitetinin Biznes və biznesin idarə edilməsi ixtisasına qəbul olmuş, 2009-cu ildə həmin ixtisası bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşdur. 21 sentyabr 2020-ci ildə səfərbərliyə çağrılmış, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak etmişdir.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş qəhrəmanlarımızdan biri də Tarix-Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisası II kurs tələbəsi Azər Şahbaz oğlu Kazımzadədir. Azər Kazımzadə 1996-cı il aprelin 2-də Gəncə şəhərində anadan olmuşdur.2002-ci ildə Goranboy rayonu Şıxlar kənd məktəbinin birinci sinifinə getmiş, 2006-cı ilə kimi həmin məktəbdə oxumuşdur. 2006-cı ildə Goranboy rayonu Kələk kəndi Qafqaz Məmmədov adına tam orta məktəbinin beşinci sinifinə getmiş, 2013-cü ildə həmin məktəbi bitirmişdir. 2014-cü ilin aprel ayından 2015-ci ilin oktyabr ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ildə Gəncə Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olmuşdur. 2020-ci il 29 sentyabrdan Vətən müharibəsində iştirak etmiş, Tərtər-Ağdərə bölgəsində döyüşümüşdür. 2020-ci il dekabrın 8-də tərrxis edilmişdir.

İsayev Valeh Mehrac oğlu 1999-cu ildə Ağdaş rayonun Dəhnə kəndində anadan olub. 2020-ci ildə Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olsada, lakin Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq könüllü döyüşlərə qatılmış birinci kurs tələbəsi İsayev Valeh Mehrac oğlu döyüşlərə getməmişdən qabaq, 28 sentyabr 2020-ci ildə sosial mediya səhifəsində paylaşdığı sözü isə belə olmuşdur: “Tarixi tədris etmədən, yazmağa getmə yolunda. Qələbə bizlərə qismət olsun, İnşallah. Özünüzdən muğayat olun bəylər və xanımlar. Gələn görüşlərədək.” Döyüşlərdə qəhrəmancasına döyüşmüş qazimizin son döyüşü isə 2020-ci il oktyabr ayında Füzuli rayonunun Ələsgərli kəndində olmuşdur. Düşmənin snayper atəşi ilə İsayev Valeh başından və boynundan ağır yaralanmışdı. Aldığı güllə yarası bədəninin böyük əksəriyyətini iflic etdi. Bu döyüşdə ağır yaralanan İsayev Valehin müalicəsi Bakıda Baş Klinik Hospitalda aparılmışdır. Hal-hazırda YAŞAT fondu tərəfindən onun müalicəsi Türkiyədə Bursa şəhərində davam etdirilir.