Xocalı soyqırımından 30 il keçir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib.

Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə o zamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.

Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.

Azərbaycan Xocalı soyqırımının 30-cu ildömünü qələbə ovqatında yad edir.

2020-ci ilin sentyabrın 27-də başlanan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək zəfərə nail olub. Bununla da Xocalı soyqırımının qisası döyüş meydanında alınıb.

Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.