8 mart – Beynəlxalq Qadınlar günü

Martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Tarixi XIX əsrə gedib çıxan bu gün ilk dövrlərdə işçi qadınların haqlarının qorunması, qadınların maariflənməsi, cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması kimi çağırışlarla müşayiət olunsa da, zamanla daha geniş mahiyyət qazanaraq qadına hörmət, ehtiram, sevgi ifadəsi olan, onu zəriflik, gözəllik mücəssəməsi kimi dəyərləndirən bir bayrama çevrilib.

Bu günün tarixi 1857-ci il martın 8-də Nyu-Yorkda toxucu qadınların sosial tələbli aksiyası ilə bağlıdır. 1910-cu ildə Kopenhagendə qadınların beynəlxalq konfransında alman sosialisti Klara Setkinin təşəbbüsü ilə bu tarixin “Beynəlxalq qadınlar günü” kimi qeyd edilməsi qərara alınıb.

İlk dəfə bu gün 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə Rusiyada qeyd edilib.

Yaranma tarixinə, uzun illər daşıdığı tarixi-ideoloji özəlliklərə rəğmən 8 Mart dünyanın böyük qisminin qəbul etdiyi, 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatının da rəsmiləşdirdiyi (Beynəlxalq Qadınlar Günü) bayramdır.

Yeri gəlmişkən, Azərbaycanda 8 Martın qeyd edilməsi ənənəsi sovetlər dövründə, ötən əsrin 20-ci illərində yaranıb. 1966-cı ildən isə keçmiş SSRİ-də, o cümlədən respublikamızda bu gün rəsmi bayram (qeyri-iş günü) kimi qeyd olunmağa başlanıb.

Dövr, zaman, ictimai-siyasi sistem və quruluşlar dəyişsə də, 8 Mart bütün qadınların – evdə ana və bacıların, ailədə xanımların, qız övladların, işdə xanım həmkarların sevimli bayramıdır.

Əziz xanımlar, bayramınız mübarək!