“Zəfərimiz əbədidir” adlı intellektual yarış

Azərbaycan Texnologiya Universitetində 8 noyabr  Zəfər Gününə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı intellektual yarış keçirilib.

Dövlət himninin səsləndirilməsi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə start götürən yarışda 14 komanda öz biliyini nümayiş etdirib. Tələbələrdən ibarət komandalar Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti nəzdində Regional Kolleci, Gəncə Tibb Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleçi və Mingəçevir Turizm Kollecini təmsil edib.

3 turdan ibarət olan yarışda Ümumilli lider Heydər Əliyev, Azərbaycan tarixi, Zəfər günü, İşğaldan azad olunmuş ərazilərdə tarixi abidələr və s. mövzularda 36 sual təqdim olunub.

İntellektual yarışda Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət Gəncə Dövlət Universitetinin komandası I yerə, Bakı Dövlət Universitetinin Qazax filialının komandası II yerə, Mingəçevir Dövlət Universitetinin komandası isə III yerə sahib olub.

Sonda qalib komanda təltif olunub.