Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində “COP29-Azərbaycanın Yaşıl dünya naminə fəaliyyəti” mövzusunda tədbir keçirilib.
Tədbiri açan Fakültənin dekanı dosent Urfan Həsənov Azərbaycanın qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə təşəbbüslərə dəstək verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəmiyyətin qarşısında mühüm vəzifələr qoyur. Onun sözlərinə görə, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. “Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür”-deyə, o, bildirib.
Sonra sözü Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva bildirib ki, COP 29-un Azərbaycan keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti dəfə böyük etimad və inamın göstəricisidir. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərdi ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib.
Sonra mövzu ilə əlaqədar tədbir iştirakçılarının məruzələri dinlənilib. Coğrafiya kafedrasının dosenti Nəsibə Hacıyeva “Azərbaycanda günəş enerjisindən istifadənin coğrafi ekoloji əhəmiyyəti”,Coğrafiya kafedrasının s.e.ü.f.d . Arifə Əhmədli “Qlobal istiləşmə iqlim dəyişmələrinin yer küəsində insanların həyatına təsiri”, Coğrafiya kafedrasının baş müəllimi Xudu Məmmədov “Yaşıl təbiətin mühafizəsində sellərə qarşı mübarizənin əhəmiyyəti”, Tarix və coğrafiya müəllimliyi ixtisasının 2 kurs tələbəsi Ləman Cəlilova “Azərbaycanda ekoloji tarazlığın qorunmasına verilmiş töhvələr”mövzularında məruzə ilə çıxış etmişdilər.