







Tarix-coğrafiya fakültəsində Azərbaycan tarixi kafedrasının təşəbbüsü ilə “Qərbi Azərbaycana qayıdış: tarix, faktlar, hadisələr” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.
Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva çıxış edərək Azərbaycan torpaqlarında Ermənistanın uzun illər ərzində həyata keçirdiyi etnik təmizləmə, soyqırım və deportasiya siyasəti barədə danışıb. Qeyd edib ki, XX əsrdə mərhələlərlə davam etmiş ermənilərin deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də nəticələnib, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib. O da diqqətə çatdırılıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoymuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində 44 Günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun düşmən üzərindəki möhtəşəm Qələbələri, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və ölkə başçısının Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Düşmən üzərindəki davamlı qələbələrimiz vaxtı ilə öz əzəli yurdlarından didərgin düşən bütün Qərbi azərbaycanlıların doğma ellərinə qayıdışına inamını daha da artırdı.
Tarix-coğrafiya fakültəsinin dekanı, dosent Urfan Həsənov və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Gülara Əliyeva tarixə nəzər salaraq Ermənistanın Qərbi Azərbaycanda həyata keçirdiyi deportasiya siyasətindən və Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində görülən işlərdən ətraflı danışıblar. Həmçinin Qərbi Azərbaycanın tarixinə dair Azərbaycan tarixi kafedrası əməkdaşlarının apardıqları elmi-tədqiqat işləri əsasında işıq üzü görmüş toplulardan da bəhs ediblər.
Daha sonra Azərbaycan tarixi kafedrasının dosent Fəxrəddin Usenovun “Qərbi Azərbaycanda soyqırım məsələləri”, baş müəllimi Eldar Mehdiyevin “Qərbi Azərbaycanın tarixi coğrafiyası”, baş müəllim İlham Məmmədovun “XX əsrin əvvəllərində Azərbaycanın ərazi bütövlüyü problemi”, baş müəllim Tünzalə Cahangirovanın “Qərbi Azərbaycanın türk mənşəli etnotoponim mənzərəsi”, baş müəllim Vüqar Abbasovun “Ərməniyyə türk torpağıdır” və müəllim Fərid Vəliyevin “Zəngəzur koridorunun tarixi və perspektiv əhəmiyyəti” mövzularında məruzlələri dinlənilib.