






15 may 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının I kurs tələbələri “Zəfər Yolu” qəzetinin təşkilatçılığı ilə maarifləndirici ekskursiyada iştirak ediblər. Ekskursiyanın əsas məqsədi tələbələrin tarixi irsə marağının artırılması, onların nəzəri biliklərinin praktik müşahidələrlə zənginləşdirilməsi olub.
Ekskursiya çərçivəsində tələbələr ilk olaraq Gəncə şəhərində fəaliyyət göstərən Miniatür Kitab Muzeyinin filialını ziyarət ediblər. Burada dünyanın müxtəlif ölkələrindən toplanmış nadir və kiçikhəcmli kitab nümunələri tələbələrin böyük marağına səbəb olub. Muzey əməkdaşları tərəfindən eksponatlar haqqında ətraflı məlumat verilib, miniatür kitabların yaranma tarixi və əhəmiyyəti barədə söhbət aparılıb.
Daha sonra tələbələr Azərbaycan Xalq Cümhuriyyəti Muzeyində olublar. Muzeydə Cümhuriyyət dövrünü əks etdirən sənədlər, tarixi materiallar və eksponatlarla tanış olan tələbələr, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi fəaliyyəti, dövlətçilik ənənələri və milli istiqlal tariximiz haqqında geniş məlumat əldə ediblər.
Ekskursiya tələbələr tərəfindən maraqla qarşılanıb və onların tarixi dünyagörüşünün formalaşmasına, eləcə də milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə mühüm töhfə verib.