“Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin memarı” adlı elmi-praktik konfrans keçirilmişdir

09 oktyabr 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin memarı” adlı elmi-praktik konfrans keçirilmişdir.

Tədbirin əsas məqsədi Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin müstəqilliyinin qorunması və inkişafı sahəsindəki tarixi xidmətlərinin öyrənilməsi, onun zəngin siyasi irsinin gənc nəslə çatdırılması, eləcə də tələbələrdə elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi olub.

Konfransı giriş sözü ilə açan Tarix və coğrafiya fakültəsinin dekanı dos. U.Həsənov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi sahəsindəki fəaliyyətindən bəhs edib. O, Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf strategiyasının ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra çıxış edən natiqlər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərinə toxunublar. Çıxışlarda onun müstəqil Azərbaycan dövlətinin qurulması, milli dövlətçilik ənənələrinin qorunması, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və təhsilin inkişafı sahəsindəki xidmətləri diqqətə çatdırılıb.

Konfransda tələbələrin hazırladıqları elmi məruzələr dinlənilib. Məruzələrdə Heydər Əliyevin dövlətçilik irsi, siyasi fəaliyyəti, azərbaycançılıq ideologiyası və müasir Azərbaycan dövlətinin inkişafındakı rolu müxtəlif aspektlərdən təhlil edilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.

Elmi praktik konfrans tələbələrin tarixi bilklərinin dərinləşdirilməsi, elmi araşdırmalara marağının artırılması və milli dövlətçilik irsinin öyrənilməsi baxımından əhəmyyətli olub.