“SEV, ÖYRƏN, AZƏRBAYCANI” adlı bilik yarışı

18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş komandalararası “SEV, ÖYRƏN, AZƏRBAYCANI” adlı bilik yarışı keçirilmişdi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Zəfər Yolu” qəzetinin baş redaktoru Rüfət Mehtiyev yarışın qaydaları barədə iştirakçılara ətraflı məlumat verib. Ümumi Tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov çıxış edərək 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətindən danışıb, tələbələrə uğurlar arzulayıb.

Ümumilikdə 8 komandanın mübarizə apardığı yarış üç mərhələdən ibarət olub. İlk iki mərhələnin hər birində 12 sual, final mərhələsində isə 6 sual təqdim edilib. İştirakçılar biliklərini nümayiş etdirərək gərgin və maraqlı mübarizə aparıblar.
Yarışın yekun nəticələrinə əsasən, birinci yerə Tarix və Coğrafiya müəllimliyi ixtisasının II kurs tələbələrindən ibarət “LAÇIN” komandası layiq görülüb. Komandanın tərkibində Sənan Muradzadə, Nurlana Əbilova, Mövlam Quliyev və Cəsarət Hacıyev yer alıblar.

İki komanda isə eyni nəticə göstərərək yarışı ikinciliklə başa vurub:

  • “ZƏFƏR” komandası – Tarix müəllimliyi ixtisasının I kurs tələbələri;
  • “ODLAR YURDU” komandası – Tarix 1³ qrupu.

Bilik yarışı tələbələrin tarixi biliklərinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının artırılması və komanda şəklində əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.

“SEV, ÖYRƏN, AZƏRBAYCANI” bilik yarışı iştirakçılara həm biliklərini sınamaq, həm də Azərbaycanın müstəqillik tarixini daha dərindən öyrənmək imkanı yaradıb.