










14 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə fakültənin dekanı, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxışlarda 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın tarixi əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, müstəqilliyin bərpası Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik ənənələrinin təntənəsi olmaqla ölkəmizin tarixində mühüm mərhələ təşkil edir.
Fakültə dekanı dos. U.Həsənov çıxışında Müstəqilliyin Bərpası Gününün milli tariximizdəki əhəmiyyətindən danışıb, dövlət müstəqilliyinin qorunmasının və möhkəmləndirilməsinin hər bir vətəndaşın məsuliyyəti olduğunu qeyd edib.
Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev Azərbaycanın dövlətçilik tarixindən, müstəqilliyin bərpasının tarixi əhəmiyyətindən və milli dəyərlərin gənc nəslə aşılanmasının vacibliyindən bəhs edib. Ümumi Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı, baş müəllimi Yəhya Süleymanov isə tələbələrin tarixi yaddaşının möhkəmləndirilməsinin, vətənpərvərlik ruhunda tərbiyəsinin və şəhidlərin xatirəsinin daim yaşadılmasının önəmini vurğulayıblar.
Tarix ixtisasının II kurs tələbəsi Fatimə Seyidova və Tarix və Coğrafiya müəllimliyi ixtisasının II kurs tələbəsi Mövlam Quluyev çıxışlarında müstəqilliyin xalqımızın ən böyük tarixi nailiyyətlərindən biri olduğunu bildirərək, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasının əhəmiyyətini qeyd ediblər.
Tədbir müstəqillik tariximizin öyrənilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması baxımından əhəmiyyətli olub.
Sonda “Zəfər Yolu” qəzetinin baş redaktoru Rüfət Mehtiyev 12 oktyabr tarixində keçirilən “Sev, öyrən, Azərbaycanı!” adlı bilik yarışının qaliblərini elan edib. Yarışda fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.