





20 oktyabr 2026-cı il tarixində Tarix və Coğrafiya fakültəsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay – 100” adlı komandalararası bilik yarışı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın qaydalarını iştirakçılara “Zəfər Yolu” qəzetinin baş redaktoru Rüfət Mehtiyev izah edib. O, yarışın üç mərhələdən – “Türk əlifbası: dünəndən bu günə”, “Türkologiyanın izində” və “Zəkanın zirvəsi” mərhələlərindən ibarət olduğunu bildirib. Qeyd olunub ki, ilk iki mərhələnin hər birində 10, final mərhələsində isə 5 sual təqdim ediləcək. İştirakçılar yarış boyunca türk xalqlarının ortaq tarixi, əlifbası, dili və türkoloji araşdırmalarla bağlı biliklərini nümayiş etdirərək bilik və bacarıqlarını sınayıblar.
Yekun nəticələrə əsasən, Tarix müəllimliyi ixtisasının I kurs tələbələrindən ibarət “Zəfər” komandası yarışın qalibi olub.
Qalib komandanın tərkibi:
- Kapitan: Eltun Yunusov
- Üzvlər: Aytac İbrahimova, Jalə Qurbanova və Ramil Əzizli
Bilik yarışı tələbələrin türk xalqlarının ortaq mədəni irsinə, dil və əlifba tarixinə marağının artırılması, eləcə də onların intellektual potensialının üzə çıxarılması baxımından əhəmiyyət daşıyıb.