





Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsində 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə “Xalqın yaddaşında yaşayan tarix” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən bəhs edib. Prorektor qeyd edib ki, Azərbaycan xalqının milli özünüdərkinin oyanmasında, azadlıq və müstəqillik ideyalarının geniş vüsət almasında mühüm mərhələ olan 17 Noyabr – Milli Dirçəliş Günü tariximizin ən əlamətdar günlərindən biridir. Bu gün xalqımızın milli birliyini, azad yaşamaq istəyini, öz taleyini müstəqil müəyyənləşdirmək əzmini və dövlətçilik iradəsini təcəssüm etdirir. 1988-ci ilin noyabrında Bakının əsas meydanında başlanan kütləvi etiraz aksiyaları təkcə ictimai-siyasi hadisə deyil, həm də Azərbaycan xalqının milli oyanışının, tarixi yaddaşının və istiqlal mübarizəsinin yeni mərhələsinin başlanğıcı idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkənin gələcək inkişafında mühüm mərhələ oldu. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu dövrdə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi Azərbaycanın strateji məqsədlərindən birinə çevrildi.
Tarix və coğrafiya fakültəsinin dekanı Urfan Həsənov çıxışında bildirib ki, milli dirçəliş prosesinin mühüm siyasi nəticələrindən biri Azərbaycanın dövlətçilik rəmzlərinin bərpası istiqamətində atılan addımlar oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin sessiyada muxtar respublikanın dövlət rəmzləri məsələsi müzakirə edildi. Müzakirələrin nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası ilə bağlı qərar qəbul olundu və onun dövlət bayrağı kimi qəbul edilməsi üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Bu, milli dövlətçilik ənənələrinin bərpası və müstəqillik ideyasının siyasi müstəvidə möhkəmlənməsi baxımından mühüm hadisə idi.
Tədbirdə Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “1988-ci il Milli Azadlıq Hərəkatının tarixi”, həmin kafedranın baş müəllimi Yəhya Süleymanov “Milli Dirçəliş Günümüzün tarixi əhəmiyyəti”, Tarix və coğrafiya müəllimliyi ixtisasının II kurs tələbəsi Zeynəb Abbasova “Milli Dirçəliş – gənclərin gözü ilə” mövzularında məruzələrlə çıxış ediblər.